Ukraynaya qarşı Rusiyanın hərbi əməliyyatları, eyni zamanda, Tramp-Putin telefon danışığı ilə bağlı ziddiyyətli məlumatların yayıldığı bir vaxtda baş verir. Bəzi mənbələr ABŞ prezidentinin artıq Rusiya və Ukraynanın razılığa gələcəyinə ümid etmədiyini bildirir. Rusiya prezidentinin mətbuat katibi Peskov isə jurnalistlərə açıqlamasında Ukrayna tərəfi ilə müzakirələrin davam etdiyini deyib.
Rusiya-Ukrayna danışıqlarının iki raundu Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilib. Yeganə razılaşdırılmış məsələ əsirlərin mübadiləsi olub ki, bu da Türkiyənin xarici işlər naziri Hakan Fidanın fəal səyləri nəticəsində baş tutub. Rusiya daha sonra danışıqların ikinci mərhələsinin Vatikan şəhərində keçirilməsi təklifini rədd etsə də, İstanbul görüşlərindən sonra Roma Papası XIV Levonla Vladimir Putin arasında telefon danışığı baş tutub və Ukraynada humanitar böhranın aradan qaldırılması müzakirə olunub.
Bu fonunda “Anadolu” agentliyi mühüm məlumat yayıb: Brüsseldə Türkiyə və Ukraynanın müdafiə nazirləri – Yaşar Güler və Rüstəm Umerov arasında görüş keçirilib. Ukraynanın müdafiə naziri NATO ölkələrinin müdafiə nazirlərinin iclasına dəvət alıb. Prezident Zelenski bildirib ki, NATO sammitində iştirak üçün rəsmi dəvət alıb.
Türkiyə və Ukrayna müdafiə nazirlərinin görüşündə diqqətçəkən məqam Umerovun bəyanatıdır. O bildirib ki, Ukraynada birgə müdafiə sənayesi fəaliyyəti qurmaq təklifi irəli sürüb. Türkiyənin hərbi sənaye texnologiyalarının keyfiyyəti və miqyası barədə ətraflı məlumat verilməyib.
Bu halda daha önəmli görünən Güler-Umerov görüşünün siyasi çəkisidir. Türkiyənin xarici işlər naziri Kiyevə səfər etdikdə və ya Antalyada ukraynalı həmkarı ilə ikitərəfli görüş keçirdikdə bu, vasitəçilik təşəbbüsü kimi təqdim olunur. Müdafiə nazirləri səviyyəsində keçirilən türk-ukrayna müzakirələrini isə vasitəçilik kontekstində qiymətləndirmək çətindir.
Türkiyə və Ukraynanın hərbi sənaye sahəsində əməkdaşlıq təcrübəsi var. İndi əsas məsələ budur: yeni proqramlar Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş Avropa təşəbbüsləri çərçivəsində həyata keçiriləcək, yoxsa Ankara Kiyevə sırf ikitərəfli əməkdaşlıq təklif edir?
Asif Cəfərov
Ordu.az